Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Sarkisyan Rusiya və Qərb arasında ikili oyun oynayır

02.02.2017 16:14

Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi bir vaxtda Ermənistan prezidenti Serj Sarkisyan Rusiya ilə Avropa Birliyi (AB) arasında belə demək mümkünsə yeni oyunlar oynamağa cəhd edir. Bu baxımdan Brüsselə səfəri zamanı Avropa Birliyi rəhbərliyi və NATO-nun Baş katibi ilə keçirdiyi görüşlərdə Ermənistan prezidentinin eyni zamanda iki stulda oturmaq üçün cəhdlərə baş vurduğu üzə çıxıb. Avropa Birliyi ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində anlaşma imzalamaq barədə razılıq əldə edən Sarkisyan demaqoqcasına bildirib ki, Ermənistan həm AB, həm də Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq edəcək. Guya bu AB və Avrasiya İttifaqı üçün hər hansı problem doğurmayacaq. Öz növbəsində Avropa şurasının sədri Donald Tusk təmsil etdiyi qurumun Ermənistanın bir nömrəli ticarət partnyoru, beynəlxalq donoru və ən güclü dəstək verəni olduğunu qeyd edib. Donald Tusk yaxın gələcəkdə Ermənistanla energetika, nəqliyyat ətraf mühit kimi sahələrdə, eləcə də ticarət və investisiya, Ermənistan və AB vətəndaşlarının azad gediş-gəlişi sahələrində yeni razılıqlar əldə ediləcəyinə ümid etdiyini deyib.

Sarkisyanın NATO Baş katibi Yens Stoltenberqlə görüşündə sonuncu Ermənistanın bu qurumla yüksək səviyyədə əməkdaşlıq etdiyini və ikili münasibətlərin daha da dərinləşdiriləcəyini deyib. Tərəflər arasında əldə edilən razılığa əsasən NATO Ermənistandakı hərbi təlim mərkəzlərindən birini təmir edəcək. Həmin hərbi təlim mərkəzində NATO instruktorlarının erməni hərbçilərinə təlim keçəcəkləri gözlənilir. Amma istər NATO, istərsə də AB ilə Avrasiya iqtisadi ittifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında ikili oyun oynamağa cəhd edən Sarkisyan qarşı tərəfi sanki sadəlövh yerinə qoyub.

Xatırladaq ki, 2013-cü ildə Ermənistan təxminən üç il davam edən danışıqlardan sonra Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət zonası barədə saziş imzalamağa hazırlaşırdı. Lakin sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Serj Sarkisyan bəyan etdi ki, Ermənistan Gömrük İttifaqına, sonradan isə Avrasiya İqtisadi Birliyinə daxil olmaq niyyətindədir. Təbii ki, bu məsələdə Putinin Sarkisyana təzyiqləri və onu Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur etməsi önəmli rol oynadı. Nəticədə Avrasiya İqtisadi İttifaqına daxil olmağa məcbur olan Ermənistan bununla da AB ilə Şərq proqramı çərçivəsində əməkdaşlığının üstündən xətt çəkmiş oldu. Daha dəqiq desək AB Ermənistanla bu proqram çərçivəsində əməkdaşlığı dayandırdı. Amma üstündən 3-4 il ötəndən sonra AB Ermənistanı Rusiyanın caynağından qoparmaq üçün yenidən onunla əməkdaşlığa hazırlaşır. Bu dəfə də bəzi politoloqlar Rusiyanın Ermənistanın Avropa Birliyi ilə analoji saziş bağlamasına imkan verməyəcəyi qənaətindədirlər. Məsələn, politoloq

Hovhannes İqityan bu dəfə də Rusiyanın Ermənistanın AB ilə assosiasiya sazişi imzalamasına imkan verməyəcəyini söyləyir: "Rusiya olduqca qısqancdır. Sirr deyil ki, Avropa ilə istənilən əlaqələri Rusiya özünə qarşı yönəlmiş addım kimi qəbul edir".

Eyni sözləri NATO haqqında da demək olar. Ermənistanın NATO-ya düşmən olan KTMT-nin üzvü olmasına baxmayaraq Şimali Atlantika rəhbərliyi Yerevanla əməkdaşlığı genişləndirmək və burada özünün hərbi təlim mərkəzini açmaqla Rusiya hərbi bazasının yaxınlığında təhlükəli oyuna baş vurmaq istəyir. Amma həm NATO-da, həm də AB-də unudurlar ki, Ermənistan Rusiyanın quberniyalarından birinə çevrilib və Moskvanın göstərişi olmadan bir addım belə ata bilməz. Təsadüfi deyil ki, AB və NATO rəhbərləri ilə görüşlərdən sonra Sarkisyan Moskvaya dəvət edilib. Martın 13-14-də baş tutacaq görüşdə Sarkisyan AB və NATO ilə yaxınlaşmaq cəhdlərinə görə Putinə cavab verməli olacaq. Rusiyanın Ermənistanın AB və NATO ilə isti münasibətlər qurmağa cəhd etmə cəhdinin Moskvanı qıcıqlandırmaqda olduğunu ötən gün Təhlükəsizlik Şurasının baş katibi Patruşevin təcili şəkildə Yerevana səfər etməsi də sübut etməkdədir. Səfər zamanı iki ölkə arasında təhlükəsizlik məsələləri müzakirə edilib. Müzakirələr zamanı Patruşevin Ermənistanın NATO ilə hərbi əməkdaşlığını genişləndirməsi və hərbi alyansın Yerevanda köhnə təlim mərkəzlərindən birini təmiri ilə bağlı Sarkisyandan izahat tələb etdiyi ehtimal edilir. Buna paralel olaraq hazırda Rusiyanın tanınmış elm və incəsənət xadimlərindən ibarət bir qrup da Ermənistandadır. Onlar orada müxtəlif səviyyəli görüşlər keçirirlər. Bu görüşlərdə Rusiyanın yardımı və köməyi olmadan Ermənistanın hər hansı problemi həll edə bilməyəcəyi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlini tapa bilməyəcəyi vurğulanır. Bir sözlə Sarkisyanın ikili oyun oynamağa cəhd etməsi və eyni vaxtda iki stulda oturmaq hərisliyi qarşıdan gələn parlament seçkilərində onun öz əleyhinə çevrilə bilər. Rusiya çətin ki, Sarkisyana eyni zamanda iki stulda oturmağa imkan versin.

Oxundu: 365

© 2017 - NSPSOLUTIONS