NAZİM MUSTAFAYEV

Yol yorğunluğu

Yol yorğunluğu

NAZİM MUSTAFAYEV

İnsan bir işi mahiyyətini anlamadan görürsə, adət halına gəldiyi üçün şüursuzca icra edirsə, o işi sevmir və ondan həzz almırsa, deməli, yol yorğunluğuna mübtəla olub.

İnsan elə bir sirli varlıqdır ki, bu "yol yorğunluğu"nu mütləq mənada nəyəsə bənzədə bilmirik. Bəlkə, bu yol yorğunluğunu dəmirdəki paslanmaya, əşyanın tozlanmasına və s. oxşada bilərik.

Önəmli olan nə vaxtsa qazanılmış bir uğuru həyatın enişində, yoxuşunda, bir sözlə, ömür boyu qoruyub saxlaya bilməkdir. Yoxsa işıldaquş kimi bir anlıq parlayıb sönmək o qədər dəyər ifadə etməz. Orta məktəbdə ya da hazırlıq kurslarında şagirdlər bəzən müəllimlərə belə suallar verir: "Müəllim, siz universitetə qəbul olanda neçə bal toplamısınız?" İndinin müəllimi illər əvvəl aşağı bal toplamış olsun, ya da yüksək balla universitetə daxil olsun, fərqi yoxdur... Əhəmiyyətli olan odur ki, insan ona bəxş edilən ömrün bütün döngələrində yol yorğunluğuna düşmədən həmişə şövqlü, aktiv olsun, mənən öləziməsin, məfkurəsi yolunda əzmlə, şüurla addımlasın...

Bir məclisdə yaşlı bir müəllim sovet dövründə orta məktəbi qızıl medalla bitirməsindən danışırdı. Onun fikirləri ilə razılaşmasam da, orada yaşca hamıdan kiçik olduğum üçün susmağa üstünlük vermişdim. Düşünürdüm ki, axı 25-30 il əvvəlki müvəffəqiyyət elə o gündə qalıb. Ya da elə o gündə qalmalı deyilmi? Zənnimcə, bir insanın atasının, ya da babasının milli qəhrəman olması ilə özünün 25-30 il, ya da 1-2 il əvvəl qazandığı nailiyyət arasında heç bir fərq yoxdur. Yəni insan yerində sayırsa, bu uğurların ona isti-soyuğu olmur. Çünki hər ikisi də artıq tarix olub, tarixə qarışıb. Önümüzdə isə yeni imkanlar və yeni fürsətlər var. Keçmiş uğurlarla öyünmə insana quru təsəllidən başqa heç nə vermir. Düzdür, bu mülahizəni bəlkə də, başqalarına söyləməyə haqqımız yoxdur. Ancaq hər kəs bunu öz nəfsinə deyə bilər.

Universitetdən tanıdığım bir müəllim sosial şəbəkədə bir video paylaşmışdı. Azyaşlı bir uşaq gözəl səslə Quran oxuyurdu. Diqqətimi çəkən isə müəllimin videoya yazdığı şərh idi: "İnşallah, saralıb solmaz, həmişə belə qalar".

İnsanın müəyyən bir dövrdə əldə etdiyi müvəffəqiyyət və nailiyyətləri bir ömür boyu qoruyub saxlaması, daha doğrusu, yeni uğurlarla davam etdirməsı asan iş deyil. Hətta ilk uğuru əldə etməkdən daha çətindir.

İnsan fiziki mənada yol yorğunluğuna məruz qaldığı kimi, etdiyi ibadətlərdə də yol yorğunluğu yaşaya bilər. Bir mütəfəkkirin dediyi kimi: "İnsanlar namaz qılırlar, ancaq Allahın hüzurunda olduqlarını çoxdan unudublar. Qəlblər titrəməz, gözlər yaşarmaz olub. Cənnətin Rəyyan qapısının açarları olan oruclar axşam yeməyini səbirsizliklə gözləyən adi aclığa dönmüşdür". Bu məqamlar şair və yazıçıların gözündən də qaçmamış, ta keçən əsrin əvvəlindən bu yana bu və ya digər şəkildə ədəbi əsərlərdə dilə gətirilmişdir.

Sabir deyir ki, "Orucu tutdum irəmazanda/iki gözüm qaldı qazanda". Nəriman Nərimanov da "Pir" hekayəsində bu məsələyə toxunmuşdur.

Göründüyü kimi, insanlar həm namaz, oruc, zəkat və s. kimi ibadətlərində, həm də öz peşə və gündəlik işlərində yol yorğunluğuna düşə bilərlər.

Bəs görəsən, yol yorğunluğuna mübtəla olmamaq mümkündür? Allaha ibadətlərdə, gündəlik işlərlərdə, ya da karyera qurarkən yol yorğunluğu ilə üzləşməmək, demək olar ki, qeyri-mümkündür. Bu mərəzə tutulmaq istəmiriksə, nə etməliyik?

Peyğəmbərimiz (s.a.v) bu yerdə Əbu Zərin (r.a) şəxsində bütün insanlara belə nəsihət verir:

"Gəmini bir daha gözdən keçirərək yenilə, çünki dəniz çox dərindir. Azuqəni kifayət qədər götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki çıxacağın yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki hər şeyi görən və qiymətləndirən Rəbbin bütün etdiklərindən xəbərdardır."

Hədisi belə şərh edirlər: "Azuqəni kifayət qədər götür, amma yol boyunca lazım olmayan yükləri boş yerə yanında daşıma. Uca məfkurəyə çatmağa mane olan dünyəvi nə varsa, insanın kürəyində ağır yükdür. Hər bir günah və xəta yükdür, hər sui-zənn, hər qeybət, hər iftira, hər yalan yükdür. Beləliklə, "yükü yüngülləşdirmək"də əsas məqsəd günahlardan təmizlənməkdir."

Önəmli olan bu mərəzlə qarşılaşmamaq, "bu xəstəliyə" yoluxmamaq deyil, bu mərəzin varlığını qəbul edərək daim onunla mübarizə aparmaqdır. Bir mənada önəmli olan günah işləməmək deyil, hər günahdan sonra tövbə etməkdir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top