ALLAHVERDİ AYDIN

Sizin "like" görə paylaşdığınız məlumat üçün düşmən ölümə gedir

Sizin "like" görə paylaşdığınız məlumat üçün düşmən ölümə gedir

ALLAHVERDİ AYDIN

Azərbaycan xalqı 1990-cı ildən bu günə kimi müharibə vəziyyətində yaşayır. Yəqin ki, Azərbaycan adlı bu ölkədə yaşayan hər kəs bu acı həqiqəti qəbul edir. Müharibənin fəsadını öz üzərində hiss etməyən yəqin ki, çox az insan tapıla bilər və bəlkə də tapılmaz. Son 26-27 il ərzində hər birimizin ailəsində, qohumunda, qonşusunda, yaşadığı kənddə, şəhərdə ermənilər tərəfindən öldürülən ən azı bir nəfər var... Münaqişənin tarixi, səbəbləri haqqında indiyə qədər çox yazılıb, çox danışılıb. Ortaya fərqli nəticələr, fərqli baxışlar çıxıb. Səbəbkarın, günahkarın kim olmasından asılı olmayaraq ortada olan yeganə həqiqət odur ki, sərhədlərimizin 1000 kilometrdən artıq bir hissəsində övladımız, qardaşımız, atamız və digər yaxınlarımız düşmənlə üz-üzə durub... Və bu vəziyyətin nə zamana qədər davam edəcəyini də bilmirik.

Belə olan halda biz "yaxamızı" kənara çəkib, müharibənin, münaqişənin bizlərə aid olmadığını deyə bilmərik. Çünki biz istəsək də, istəməsək də bu müharibənin gətirdiyi ağrılar, acılar bizim həyatımıza daxil olub, gündəlik yaşantımızın bir parçasına çevrilib. Amma bəzən, bəzilərimiz bu ağrını, bu acını unudaraq yazdığımız kiçik bir sözlə, dediyimiz bircə kəlmə ilə düşmən dəyirmanına su tökmüş oluruq. Xüsusilə də informasiya texnologiyalarının sürətlə yayıldığı bugünkü dövrdə daha məsuliyyəti və daha diqqətli olmalıyıq.

Mətbuatın, xüsusəndə sosial şəbəkələrin insanlar üzərində nə qədər böyük təsirə malik oduğuna son zamanlar hər kəs şahid olmaqdadır.

Artıq elə bir dövrdə yaşayırıq ki, informasiya mərmi qədər "sürətli" və "dağıdıcı" olmağa başlayıb. Ən təhlükəlisi isə odur ki, bu silahdan hər kəsin istifadə etmək imkanı var. Son məlumatlara görə, həm Azərbaycanda, həm də Ermənistanda əhalinin 60%-dan çoxu "Facebook" sosial şəbəkəsinin istifadəçisidir. Bu səbəbdən bir söz yazarkən, bir görüntü yayınlayarkən bunun sonradan bizim əleyhimizə çevrilib-çevriləməyəcəyini düşünməliyik. Yazının əvvəlindəki qeyd etdiyim cümləni bir də təkrar edirəm: biz istəsək də, istəməsək də bu müharibənin gətirdiyi ağrılar, acılar bizim həyatımıza daxil olub, gündəlik yaşantımızın bir parçasına çevrilib.

Biz də bunun məsuliyyətini başa düşməliyik. Başa düşməliyik ki, bizim övladımızın, qardaşımızın, atamızın və digər yaxınlarımızın ölümlə üz-üzə dayandığı cəbhə xəttində baş verənləri öyrənmək üçün düşmən böyük vəsaitlər xərcləyir, kəşfiyyat dəstələri yaradır. İndi bir anlıq düşünün ki, düşmənin ciddi cəhdlə öyrənməyə çalışdığı bir məlumatı bəzən bizlər heç bir səbəb olmadan, sadəcə əyləncə olsun deyə, daha çox "like" ("bəyəni") toplayım deyə açıq şəbəkələrdə paylaşırıq.

Cəbhə bölgəsi ilə bağlı, əsgərlərimizlə bağlı hər hansı bir informasiya paylaşarkən bu həqiqəti unutmayın: düşmən sizin əyləncə olsun deyə, daha çox "like" toplayım deyə paylaşdığınız bu cür informasiya üçün ən seçmə əsgərlərini ölümə göndərməyə belə hazırdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top