NAZİM MUSTAFAYEV

Mənən zəhərlənmək

Mənən zəhərlənmək

NAZİM MUSTAFAYEV

İlk ağıla gələn mənada zəhərlənmə ilə tanışıq. Ağır və ya yüngül formada kiminsə zəhərləndiyini görmüş, ya da eşitmişik. İnsan yediyi və içdiyindən, qəbul etdiyi hər hansı dərmandan, qazdan, ya da hansısa bir qoxudan zəhərlənə bilər. Ümumiyyətlə, zəhərlənmədə daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, tənəffüs sistemi, dəri və s. yollarla da mümkündür.

Bəs görəsən, yazının başlığında istifadə olunan "mənən zəhərlənmə" nə deməkdir? Bunu necə başa düşmək olar? Mənən zəhərlənmə insanda necə müşahidə olunur? Həmçinin hansı zəhərlənmə daha təhlükəlidir?

Bir televiziya verilişində narkomaniya bəlasından xilas olmuş bir gəncin peşmanlıq dolu sözlərinə qulaq asmışdım. Bədəni narkotik maddələrin əsiri olmuş və bunlarla zəhərlənən dövrlərdə nələr etdiyindən bəhs edirdi. Bir sözlə, oğurluğun hər növü... dükansoyma, evlərə girmə və s. Bunlar insan bədəninin zəhərlənəndə insana etdirdikləridir.

Bəs görəsən, mənən zəhərlənmə necə... İnsanın qanı zəhərlənməsə də, gözü mal-mülk və sərvətdən başqa heç nə görməz hala gələndə, törətdiyi zərərlər yuxarıdakı gəncin elədiklərindən daha dağıdıcı olur.

Qəlbində daşıdığı həsəd və qısqanclığa görə, həsəd və qısqanclığı günlük azuqəsi halına gətirdiyi üçün mənən zəhərlənənlər də var. Bu tip insan özü etmədiyi, ancaq başqalarının etdiyi, ərsəyə gətirdiyi gözəllikləri yıxmağa, yox etməyə çalışar, əslində isə özünü rəzil və rüsvay hala salar.

Hər bir insanın mənən zəhərlənmə keçirməsi müxtəlif yollarla ola bilər. Bəzi insanlar çox dəyərsiz bir şeyin müqabilində mənən zəhərlənməyə məruz qalır. Bəzi insanlar isə nisbətən daha dəyərli şeylərin müqabilində... Ancaq nə olarsa olsun mənən zəhərlənmə heç vaxt məqbul sayıla bilməz. Bəzən insanın bahalı bir maşın alması, hər gün salam verdiyi insanları tanımaz hala gətirir. Bəzən insanlar üçün vəzifə dəyişməsi, daha yüksək bir vəzifədə işləməyə başlamaq və s. digərlərini çox balaca görməyə kifayət edir. Bunların hamısı mənən zəhərlənmələrdir. Belə hallar daha çox "mənəvi immun sistemi" zəif olan insanlarda müşahidə olunur.

Ömrünün heç bir anında mənən zəhərlənməyə məruz qalmayan Peyğəmbərimizin (s.a.v) həyatına nəzər salaq. Peyğəmbərimiz (s.a.v) hələ 15 yaşında Məkkə dağlarında gənc bir çoban olanda da, həmçinin illər sonra bir fateh olaraq on minlik ordu ilə Məkkəyə daxil olarkən də eyni sadəlik və təvazökarlığa sahib idi. Həyatın heç bir anı Onu (s.a.v) mənən zəhərlənməyə məruz buraxmamışdı. Sadəlik və təvazökarlıq Onun (s.a.v) həyatının bir parçası idi və bütün davranışlarına hopmuşdu.

İspaniya fatehi Tariq b. Ziyadsanki sərvət, güc-qüvvət və şöhrət qarşısında mənən zəhərlənməmək üçün bəri başdan nəfsini töhmətləyirdi. Gəlin onun sözlərinə qulaq verək. O belə deyirdi: "Ey Tariq! Dünən bir kölə idin. Bu gün müzəffər bir komandirsən. Sabah isə torpağa girəcəksən. Sonra da Allaha hesab verəcəksən!". Əlinə güc-qüvvət və imkan keçəndə, ya da bir gün şöhrət rüzgarları onu da gəlib əhatə edəndə bu sadalananların qulu və köləsinə çevrilməməsi insanın kamilliyinin bir əlamətidir. Məlum olduğu üzrə bugünkü adı ilə "Cəbəlütariq" boğazı da məhz bu əshabənin adı ilə bağlıdır.

Burada Qarunu da yada sala bilərik. O əvvəl Hz. Musanın (ə.s) yanında idi. Ancaq o sərvətə qovuşduqdan və maddi zənginlik qapıları onun önüna açılandan sonra, sərvət, güc-qüvvət və şöhrət ilə mənən zəhərlənmişdi. Bir Quran ayəsində bu haqda belə buyrulub: "Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!"(Qəsəs, 28/76) Bu nəsihət və xəbərdarlıq qarşısında Qarunun cavabı isə belə idi: "Bu var-dövlət və sərvət elmim və bacarığım sayəsində mənə verilmişdir" (Qəsəs, 28/78).

Əslində bu sadəcə Qaruna məxsus bir vəziyyət deyildi. Tarix boyunca və günümüzdə sərvətin, zənginliyin azdırdığı və yoldan çıxardığı necə insanlar var ki, hamısı edilən nəsihət qarşısında Qarunun dediyini təkrarlayırlar. Onun üçün bu məsələnin Qarunla bağlı olduğunu deyərək çərçivəni daraltmaq qətiyyən doğru deyil. Əslində bu iş Qarunla başlamamış və Qarunla da bitməmişdir.

Sizcə, Quran ayələrində bizə xəbər verilən bu zehniyyətli insanlar bir cəmiyyətdə çoxalar və onların zehniyyəti cəmiyyətdə hakim hala gələrsə, nə baş verər? Qazanan, yığan, yeyən, içən, ancaq heç bir halda bu malda başqalarının da haqqı olduğunu düşünməyən, acından ölən insanlar qarşısında belə heç bir reaksiya verməyən eqoist, mənfəətçi insanların fəlsəfəsi bir cəmiyyətdə yaşam tərzi halına gələrsə, o cəmiyyətdə sosial təbəqələr arasında uçurumların meydana gəlməsi qaçılmaz olar.

Gəlin Peyğəmbərimizin (s.a.v) və əshabələrin yolunu özümüzə rəhbər edək. Onların həyatını özümüzə düstur seçək. Onların həyatında mənən zəhərlənməyə qarşı önləmlər və çarələr var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top