ƏLİ ÇƏRKƏZOĞLU

20 yanvar yas deyil, dərsdir

20 yanvar yas deyil, dərsdir

ƏLİ ÇƏRKƏZOĞLU

Hər dəfə 20 yanvarı düşünəndə böyük mütəfəkkir Mehmet Akif Ərsoyun bir beyti ağlıma gəlir:

Tarixi təkərrür deyə tərif ediyorlar,

Heç ibrət alınsaydı, təkərrürmü olurdu?

Şair söyləyir ki, tarix təkrarlardan ibarətdir deyirlər, amma yaşananlardan ibrət alınsaydı, heç təkrarlar olardımı? Bu söz əslində bir reseptdir, bəlalardan qurtuluş yolunu göstərən rəhbərdir. Yaxın iki əsrə diqqətlə baxın, görəcəksiniz ki, biz eyni əllərdən eyni dəhşəti dönə-dönə yaşamışıq. Heç uzağa getməyək, bəlkə də indiki gənclik bilmir ki, Şəhidlər Xiyabanının yerində təxminən yüz il əvvəl eyni ünvandan gələn soyqırımı hadisəsi sonunda qətlə yetirilmiş soydaşlarımız dəfn olunmuşdu. Orada nəvələri babaların torpağına dəfn elədik. Erməni-rus birliyi bu coğrafiyada bizim varlığımızı heç zaman həzm edə bilməyib və bu gün də bizi buralardan süpürüb atmaq üçün əlverişli məqam gözləyirlər.

Bəzən seldən, zəlzələdən, leysandan, tufandan danışarkən fəlakət ifadəsi işlədilir. Tam yanlışdır, bunlar təbii hadisələrdir, fəlakət isə birbaşa insanla bağlı anlayışdır. Fəlakət cahillikdir, tarixdən dərs çıxarmamaq, dostu düşməndən ayıra bilməməkdir. Bir neçə dəfə yazdığım bir qənaəti burada bir daha təkrar eləmək istəyirəm: Əgər Qafqaz İslam Orduzu 1918-ci ildə bizim dadımıza yetişməsəydi, bu gün bu torpaqlarda bizim varlığımızdan söhbət gedə bilməzdi. O ordunun hər bir fərdi üçün dua eləmək özünü bu torpağın vətəndaşı bilən hər kəsin insanlıq borcudur. Kim nə deyir-desin, tariximizin ən parlaq zəfər 1918-ci ilin 15 sentyabrı, yəni Bakının erməni-rus vandallarından geri alınmasıdır.

Adı qara duman kimi uzun müddət Bakının qəsəbələrindən birinin üstünə çökmüş quldur Stepan Razinin bu torpağa ayağı dəyəndən bəri şimaldan üstümüzə hər zaman qara yellər əsib.

Ola bilsin ki, tarixin hansısa məqamında biz müəyyən səbəblər üzündən balanslaşdırılmış siyasət aparaq, amma kimin kim olduğunu heç zaman ağlımızdan çıxarmamalıyıq. Bu gün müstəqil dövlətimiz var, amma müstəqillik deyəndə ağlımıza ilk növbədə müharibə, qan gəlir. Niyə? - Çünki yenə eyni güclər bizim rahat yaşamağımızı, inkişaf edib dünya arenasına çıxmağımızı istəmirlər. Onun üçün də başımıza bu oyunları açırlar.

Səbir odur ki, hər işin zamanını bilirsən və hər işi öz zamanında görürsən. Ola bilsin ki, bu gün bizim üçün ən doğru seçim məqamı gözləməkdir, amma görüləcək çox işlər var. Ölkənin inkişafı, ədalət prinsipinin hakim hala gətirilməsi bu gün ən böyük vəzifəmizdir. Əgər sabah biz müharibə meydanında ermənini məğlub eləmək istəyiriksə, gərək bu gün bu millətin sərvətini talayıb xaricə qaçıran bankirlərin, məmurların, iş görən oğullarımıza zülm edib onları vətəndən didərgin salan MTN cəlladlarının cəzası verilsin, xalqın haqqı özünə qaytarılsın. Xalq ədalət istəyir, ədalət xalq üçün gücdür, rifahdır, sevgidir. Xalqın da, dövlətin də gücü onun ədalətindədir. Kim xalqın önünə ədaləti gətirıbsə, xalq onu sevib, dəstəkləyib. Əgər bu gün Şəhidlər xiyabanını dəstə-dəstə ziyarət edən şagirdlərimiz orada fərqli bir duyğu yaşayıb, məktəbdə, real həyatda rüşvətin, yalanın gücünə boyun əyəcəklərsə, onda nə vətəndən danışmağa dəyər, nə vətənpərvərlikdən. Vətənpərvərlik tərbiyəsinin mayasında ədalət olmalıdır, yoxdursa, nə desən, hamısı yalandır. Köhnə kişilər deyiblər ki, dövlətin başqa dini olmaz, dövlətin dini ədalətdir. Yəni ədaləti olmayan dövlətin heç dini də yoxdur.

Yenə 20 yanvar atmosferindəyik. Bu tarix bizim milli dərdimiz, həm də milli dərsimizdir. 20 Yanvar bir ilin, bir ayın, bir günün hadisəsi deyil, böyük bir tarixin ortaya qoyduğu reallıqdır, həqiqətdir. 100 il əvvə Nikolayı düşmən tuturduq, 27 il əvvəl Qorbaçovu. Heç fərqi yoxdur, Nükolay elə Qorabaçovdur, Qorbaçov da özündən sonra gələn hansısa İvan. Məsələ ondadır ki, biz öz xətalarımıza baxmalı, yaşanmış tarixdən dərs almalıyıq ki, daha bir 20 yanvar yaşamayaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top