ƏLİ ÇƏRKƏZOĞLU

Bir körpə çarə gözləyir

Bir körpə çarə gözləyir

ƏLİ ÇƏRKƏZOĞLU

Bir neçə gün əvvəl efirdə gördüyüm bir süjetin ağırlığı hələ də üzərimdədir. Həmin xəbərdə deyilirdi ki, rayonlarımızın birində 5 yaşlı uşağı məktəbə yazdırmaq üçün tibbi müayinədən keçirirlər və məlum olur ki, onda qan xərçəngi xəstəliyi var. Ailə bir andaca yasa batır. Onsuz da maddi ehtiyaclar içində çırpınan ailə elə bir imtahana tuş gəlib ki, onun altından qalxa bilmək üçün çox böyük iradə və səbir lazımdır. Əlində-ovcunda bir şey yox, körpə balan da göz önündə əriyib gedir. Neyləyə bilərsən, əlacın qalır imkanı və insafı, imanı olan insanlardan yardım istəməyə. Məhz belə bir zamanda da televiziya ailənin köməyinə yetişir. Bəzən eşidirsən ki, kimlərsə hansısa xəbəri efirə çıxarmaq üçün filan qədər “hörmət” tələb edirlər, amma heç inana bilmirəm ki, bizdə o ailədən təmənnə umacaq qədər alçaq, ləyaqətsiz birisi tapılsın. Yəni bu mənada o telekanala da, jurnalistə də, o xəbər üçün zəhmət çəkmiş bütün texniki heyətə də təşəkkür edirəm.

Xəstə yatağında uzanmış körpə də kameraya nə desə yaxşıdır: “Mən də hamı kimi həyətdə oynamaq istəyirəm, məktəbə getmək istəyirəm.” Bilmirəm, bu sözləri ona böyüklər öyrətmişdilər, ya o özü içindən gələn ən saf, təmiz arzularını ifadə edirdi, amma bütün hallarda çox ağır mənzərə idi. Mən çax az hallarda kasıblığımdan utanmışam, bu da həmin o az hallardan biri oldu.

Yəqin ki, o ailəyə yardım göstərən soydaşlarımız var və olacaq da. Mən o adamların hamısına təşəkkür edir, “Allah onların günahlarını əfv eləsin, dünyasını da, axirətini də bərəkətləndirsin” deyə dua edirəm. Amma əsas məsələ bu deyil. Məsələ odur ki, bizim arxamızda dövlət kimi bir qarantımız, gücümüz, dayağımız olmalıdır və vətəndaşın başına belə bir iş gəldikdə dövlət o andaca məsələyə müdaxilə edib, hər şeyi yoluna qoymalıdır. Dövlət öz vətəndaşını, vətəndaşının dərdini sahiblənməlidir. Açığı deyim ki, kənardan misal gətirməyə utanıram. İndi özünüz düşünün, rayonda yaşayan o kasıb ailə körpəni xaricə aparıb müalicə etdirmək üçün lazım olan 30 min manatı necə toplasın. Ekran qarşısına çıxıb yardım üçün hər kəsə müraciət etmək asandırmı? Bəzən elə də olur ki, dərd yiyəsi özümüzünkülərdən əlini üzüb zarici səfirliklər qarşısında imdad diləyir. Neyləsin, o anda o ata nəyə desən, gedər.

Deyəsən bizdə də icbari tibbi sığorta məsələsi müzakirə olunur. Amma yuxarıda bəhs etdiyimiz və bənzəri hallar sığorta-filan gözləmədən həll olunmalıdır. Milli Məclis bu məsələni gündəmə gətirərək belə hallar üçün xüsusi qərar, qətnamə hazırlaya, nazırlar kabinetinə həvalə edə bilər. Əmin olun ki, bu hadisə o Məclisdə oturanların birinin ailəsində olsaydı, indi hansısa fondlar, xeyriyyə təşkilatları səfərbər olmuşdular.

Heç birimiz o cür hallardan sığortalanmamışıq. Ona görə də vicdanımızla baş-başa oturub düşünək. Bizim filankəslərdən nəyimiz əksikdir ki...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top