NAZİM MUSTAFAYEV

Biz nə üçün beləyik?

Biz nə üçün beləyik?

NAZİM MUSTAFAYEV

Kənarları hündür plastik materiallar ilə hasarlanmış, ya da bəzədilmiş şəhər daxili və şəhər ətrafı o qədər yollarımız var ki... O yolla hərəkət edəndə, kənardan baxanda deyirsən ki, nə gözəl düzəldiblər, çox gözəl görünür. Ancaq bəzədilmiş, kənarları plastik materiallar ilə hasarlanmış yolların arxa tərəfində başqa mənzərələr var. Onlarca məhəllə, yüzlərcə ev və oranın minlərlə sakini... O plastik hasarların arxasında yaşayan sakinlər hər gün çuxuru olmayan, lük qapaqlarının yerində olduğu və geniş səkisi olan yaraşıqlı küçəyə çıxmaq üçün kim bilir, neçə dənə su gölməçəsinin ətrafından fırlanır. Maşını olanlar isə kim bilir, neçə çuxura girib çıxmalı olurlar.

Bir dəfə avtomobil ilə Bakının gözəl bir prospektindən bir məhəlləyə daxil oldum. İlk təəssüratım o oldu ki, hər halda yol bu şəkildə davam edəcək. Çünki əsas yoldan məhəlləyə giriş elə gözəl idi ki, məni bu qənaətə sövq eləmişdi. Ancaq içəri doğru hərəkət etdikcə gördüm ki, bu məhəlləyə bir dəfə belə olsa asfalt tökülməyib. Ən köhnə və ən xarab maşını olan bir insan belə bu məhəlləyə və bu küçəyə girmək istəməz. Bu zaman ortaya suallar çıxır: nə üçün bu belədir? Ya da nə üçün biz beləyik?

Rayonların birində doqquz mərtəbəli binaların olduğu bir məhəlləyə daxil olmuşdum. O anda dedim ki, bu məhəllədən insanlar necə hərəkət edirlər? Maşının təkərləri bu qədər çuxura necə dözür? Nə isə, biz də elə o məhəllədə və o binalarda qalası olduq. Çox keçmədi ki, biz həmin məhəlləyə də, məhəllənin çuxurlarına da öyrəşdik. Hətta deyərdim ki, maşının təkərlərinə o çuxurlar doğma gəlməyə başlamışdı.

Açığı, bu qənaətə gəlmişəm ki, hər məhəllədə olan çuxurlar, lükların yolun səthindən ya çox aşağı, ya da çox yuxarıda olması, hardasa hər blokun və darvazanın qabağına quraşdırılmış qanuni və ya qanunsuz tramplinlər o məhəllə sakini üçün çox doğmalaşıb. Məhəllə sakinləri üçün hər gün maşını ilə eyni çuxura girib çıxmaq artıq vərdiş halını alıb.

Yollarımız belə, bəs tikilməkdə olan yaşayış binalarının yollarımıza mənfi və ya müsbət təsiri varmı? Gəlin buna da bir misalla cavab verək: Bakı rayonlarının birində 4 bloklu 18 mərtəbəli bir binanın önündə idik. Təxmini hesablama ilə orada 220-240 mənzil olardı. Hələ təmirdə olan bu binanın maşın qarajı varmı deyə soruşanda isə, ən alt mərtəbədə 40-50 yerlik maşın qarajı nəzərdə tutulub cavabını aldıq. O qədər də maşın sıxlığı olmayan həmin məkanda əminliklə demək olar ki, yaxın gələcəkdə hərəkət etmək çox çətin olacaq.

Naviqatorun apardığı yollar... Naviqatora getmək istədiyin bir məkanı yazırsan. Naviqator da səni həmin məkana aparır. Hə, bəli kağız üzərində, xəritə üzərində oradan yol keçir. Naviqatorun yaddaşına yazılıb ki, oradan keçən bir yol var. Ancaq əslində isə orada yol yoxdur. Çalalar, ağzı açıq lüklar qanuni və qanunsuz hər darvazanın önünə qoyulmuş tramplinlər və s. Halbuki bu sadaladığım misallar elə məhz işıqlı, çil-çıraqlı yollarımızın sağındakı, ya da solundakı alternativ yollardır. Minlərlə insanın hər gün istifadə etdiyi və artıq öyrəşdiyi, doğmalaşdığı yollar.

Bəlkə də plastik divarlarla hasarlanmış, “görünməz” edilmiş o arxa məhəllələrin əksəriyyəti söküləcək, yerinə sakinlər üçün yeni binalar salınacaq. Əslində bu belə də olmalıdır. Ancaq bir məsələ var ki, o plastik materiallar ilə hasarlanmış divarların o üzündəki də bu üzündəki də elə eyni insanlardır. O zaman ortaya bir sual çıxır: buna nə ehtiyac var ki? Biz belə etməklə kimi kimdən gizlətmiş oluruq?

Bir misal da başqa bir rayondan verim. Şəhərin mərkəzi meydanında hərəkət edirdim. Meydanın hər iki tərəfində yaraşıqlı beş mərtəbəli binalar və altında da müxtəlif dükanlar var idi. İlk baxışda elə bilmişdim ki bu binaları yeni tikiblər. Binaların meydana baxan hissəsini elə bəzəmişdilər ki, yeni tikilmiş binaya oxşayırdı. Bina isə ən azı 40 il əvvəl tikilmişdi. O meydana üçüncü gəlişimdə mən bunu başa düşmüşdüm. Binanın arxa tərəfinə keçdikdə isə bunu həmin an bilmək olardı. Bəs biz kimi aldadırıq. O binada yaşayanları, yoxsa şəhərə gələn qonaqları?

Böyük şəhərlərimizdən birində ikən şəhərin mərkəzi bir küçəsində şəkil çəkdirsəydim, şəhəri tanımayanlar elə bilərdi ki, xaricdə hansısa bir ölkədəyəm. Hansı ki şəkil çəkdirdiyim o göz oxşayan küçədə bir dükana girəndə kanalizasıya iyindən dayanmaq olmurdu. Çünki köhnə binalar sadəcə olaraq zahirən və estetik təmir edilmiş və binanın ciddi problemləri əsaslı təmir gözləyirdi.

İllər əvvəl telefon oğurluğuna görə həbsə girmiş iki gənci tanımışdım. Təzəcə həbsdən çıxmışdılar. Sonradan eşitdim ki, bu gənclərdən biri yenə başqa bir telefon oğurluğuna görə həbs olunub. Digəri isə bu işlərdən vaz keçmişdi. Allah hər ikisinə də doğru yol nəsib eləsin.

Soruşula bilərsiniz ki, bu yazı ilə telefon oğurlayan iki gəncin nə əlaqəsi var? Yollarımızın halına baxaq. Bəlkə də dəfələrlə büdcədən ya da müxtəlif fonlardan milyonlarla manat pul ayrıldığı halda illərlə təmirsiz qalan kənd, qəsəbə və rayon yollarına baxaq. Bu zaman telefon oğurlayan o iki gəncə oğru demək heç dilimizin ucuna belə gəlməyəcək...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top