NİZAMİ ORUCOV

Psixoloqa müraciət etməkdən çəkinməyin!

Psixoloqa müraciət etməkdən çəkinməyin!

NİZAMİ ORUCOV

Bu gün Qərb dünyasında bir çox ailələrin və fərdi şəxslərin psixoloqları var. Bu, onlarda norma kimi qəbul edilib, səhiyyənin tərkib hissəsinə çevrilib. Bizim cəmiyyətdə isə son illər kütləvi informasiya vasitələrinin təbliğatı nəticəsində psixoloqlara münasibətin dəyişməsinə baxmayaraq, hələ də inkişaf etmiş ölkələrin səviyyəsinə gəlib çatmamışdır.

Bizdə bu sahə hələ yeni olduğundan, atılan addımlar maraqla qarşılanır. Maraqla qarşılandığı kimi də, süni “sədlər” ortaya çıxır. Burada milli adətlərlə yanaşı, mentaitetin də öz təsiri var. Mənə müraciət edənlərin əksəriyyəti xanımlardır, belə ki, kişilər psixoloqa müraciət etməyin ayıb bir şey, acizlik, zəiflik olduğunu fikirləşirlər. Lakin öz problemlərinin üzünə baxa bilmək zəiflik yox, böyük cəsarət tələb edir. Bundan əlavə, bir çox insanlar psixoloq yanına getməkdənsə, öz dostları və qohumları ilə danışmağa, dərtləşib məsləhətləşməyə üstünlük verirlər. Belə olan halda isə bir çox problemlər illərlə həll edilməmiş qalır. İnsan danışır, dərtləşir, müvəqqəti də olsa təsəlli tapmış olur. Əlbəttə, insanın yaxınları ilə danışmasında, məsləhətləşməsində heç bir pis şey yoxdur. Ancaq məsələ burasındadır ki, tanışlar insanı bütün problemlərdən azad etməkdə acizdirlər. Bəzən də elə olur ki, elə indicə qeyd etdiyim milli mentalitetin təsiri altında insanlar öz dərdlərini heç kəsə danışa bilmirlər. Misal kimi ailədaxili problemləri, tərk edilmə və digər halları göstərmək olar. Məhz belə anlarda problemlər böyüməyə başlayır və psixoloqa ehtiyac ortaya çıxır.

Psixoloqun professional yanaşması ilə dostla dərtləşməyin arasındakı əsas fərqlərin bir neçə nümunəsini gətirmək istəyirəm.

1. Psixoloq sizə çox diqqətli şəkildə, hər bir dediyiniz sözü qınamadan qulaq asır.

2. Siz psixoloqa öz problemlərinizi danışdıqdan sonra, o, cavabında Sizə öz problemlərini danışmayacaq.

3. Psixoloq problemin həllində heç bir əhəmiyyət daşımayan “əşi, unut getsin!”, “boş ver!”, “hər şey düzələcək” sözlərindən istifadə etməyəcək.

4. Psixoloq sizin ona danışdığınız, verdiyiniz məlumatları heç bir kəslə paylaşmayacaq.

Cəmiyyətimizdə psixoloqa müraciət edilməməsinin səbəblərindən biri də insanların psixoloqun “dəlilərlə” işlədiyini düşünmələridir. Azərbaycanda çox vaxt psixoloq ilə psixiatr səhv salınır. Bəs psixoloq ilə psixiatrın arasındakı fərqlər hansılardır? Psixoloqu çox vaxt ölkəmizdə həkim kimi qəbul edirlər, mənə bir çox adam “həkim” deyə müraciət edir. Lakin bu belə deyil. Psixiatr həkimdir, o, dərman təyin edir, ciddi ruh halları ilə, bir çox hallarda psixi pozuntularla iş görür. Psixoloq isə heç bir ruhi-əsəb pozuntusu olmayan, tam sağlam insanların problemləri ilə işləyir.

Psixoloqa müraciət etməyin müxtəlif səbəbləri ola bilər. O, sizə nədə köməklik edə bilər? Sizə krizis vəziyyətlərindən çıxış yollarını tapmaqda, daxili ehtiyyat qüvvələrini aşkarlamaqda, özünəinamı bərpa etməkdə, depressiyadan çıxmaqda, özünü aşağı qiymətləndirməni aradan qaldırmaqda, yaxın insanlarla ünsiyyətdə problemlərin, ayrılıq və ya boşanma, iş yerində münaqişələrin həllində və s. köməklik edir. Psixoloq bu və ya digər seçiminizin müsbət və mənfi tərəflərinin təhlilində iştirak edir. O, sizin cavab axtardığınız müxtəlif sualları sizinlə birlikdə müzakirə edir. Misal üçün, bu və ya digər hadisədə özünü necə aparmaq olar? Yaxın insanlarla ümumi dili necə tapmaq olar? Pis əhval-ruhiyyəni necə aradan qaldırmaq olar? Psixoloji travmadan sonra özünə, həyata inamı və sevgini necə bərpa etmək olar? Bütün bu hal və suallarda psixoloqa müraciət etməyiniz ən düzgün seçimdir.

Siz öz problemlərinizin həllində tək başına, sanki film qəhrəmanları kimi olmaq məcburiyyətində deyilsiniz. Bu, sizin gücünüzü tükədə bilər. Siz psixoloqun qəbuluna düşüb, öz narahatçılıqlarınız haqda danışa bilərsiniz. Konsultasiya zamanı öz hisslərinizi, özünüzü “eşitməyi” öyrənəcəksiniz, gizli qorxularınızı aşkarlayıb, onları idarə edib, özünəinamı bərpa edəcəksiniz. Bəlkə də psixoloq sizə “ev tapşırıqları” verib, özünüzü daha yaxşı başa düşməyinizə yardımçı olacaq.

Psixoloqa o insanlar daha çox müraciət edirlər ki, onlar özlərini tanımağa, sevməyə, öyrənməyə çalışırlar. Xoşbəxtliyə doğru gedən yolda insanın ilk atmalı olduğu addımlar, özünü kəşf edib, özünü sevməsidir. Ancaq bundan sonra biz digər insanları sevə bilərik.

Psixoloqa müraciət etməyə çəkinməyin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top