ƏLİ ÇƏRKƏZOĞLU

Dediyinin hamısı o deputatın özüdür

Dediyinin hamısı o deputatın özüdür

ƏLİ ÇƏRKƏZOĞLU

Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputatın öz seçiciləri haqqında "azğın", "nəşəli", "sərxoş" deməsi, ailəsinin dolanışığını qazanmaq üçün qürbət qapılarında hər əzab-əziyyətə qatlanan soydaşlarımıza "atxod" adı verməsi heysiyyatıma toxundu və mən də bir cəbrayıllı kimi həmin sözləri artığı ilə onun özünə qaytarır və deyirəm ki, bu cür ləyaqətsizin cibinə mandat qoyub adam arasına çıxaranlar da elə onun özü qədər aşağıdırlar, zavallıdırlar, rəzildirlər. Məhəlli zehniyyətlə yaşayanlara həmişə nifrət eləmişəm, amma elindən-obasından üz döndərənləri də sevmirəm. Ömrümün yarıdan çoxu Bakıda keçsə də mən hər zaman özümü cəbrayıllı saymışam və o elin, o camaatın dərdini, qayğısını ürəyimdə hiss eləmişəm. Bu gün cəbrayıllılara Azərbaycanın hər rayonunda rast gələrsən, amma əksəriyyət etibarı ilə Biləsuvar rayonu ərazisində salınmış on bir qəsəbədə məskunlaşıblar. Orada mənim də doğmalarım var və tez-tez ora səfər etməli oluram. Sizi inandırıram ki, oradakı şaxta, sazaq heç Moskvada da yoxdur. Siz bu qış günündə həmin camaatın nələr çəkdiyini bilmək üçün heç olmasa bircə gecə orada qalmalısınız və görməlisiniz ki, işıq söndürüləndə orada insan nə hala düşür. Etiraz edən o insanlar ən adi, ən aşağı haqlarını tələb ediblər. Onlar haqqında nalayiq sözlər danışmaq, cəzalandırmaq, zülmdür, haqsızlıqdır. Azərbaycan qazı erməni kilsəsini qızdırıb, yurdundan didərgin düşmüşlərdən yan keçəcəksə, Allah onu qurutsun.

O ki qaldı deputatın o cür səfeh-səfeh danışmağına, açığını deyim ki, mən o adamdan ondan daha yaxşı bir şey gözləmirəm. Yazığın, bədbəxtin biridir, gedib pensiyasını alıb dolansın. Bu adam danışdıqca batacaq, özünü təmizə çıxarmaq istədikcə çirkaba gömüləcək, çünki normal düşüncəyə, dünyagörüşünə sahib deyil. On ilə yaxındır ki, parlamentdə yer işğal edir, bu müddət ərzində ondan bircə dəfə ağıllı bir söz, səmərəli təklif eşidən olubmu? Görün nə qədər düşük, nə qədər iyrənc şeylər danışır ki, hətta yanında oturanlar, yaxud da bir zamanlar onun cibinə mandat qoymaq üçün əlləşənlər belə üzünə qayıdırlar. Amma hələ də sinif yoldaşı və başının üstündəki "böyük boss" məsələyə reaksiya verməyib.

Bu gün ölkədə orta hesabla bir gündə iki nəfər intihar edir. Bu hələ bilinən statistikadır. Bəli, 2016-cı ilin doqquz ayı ərzində beş yüzdən çox insan canına qıyıb. Dediyimiz kimi, bu hələ bilinəndir. Kişinin ailə qarşısında acizliyini heç təsəvvür edirsinizmi? Heç təsəvvür edirsinizmi, bu cür yaltaq, minsifətli birisinin hər cür cinayəti normal qarşılandığı halda yataqdan gözlərini sənin üzünə zilləyən xəstə balana dərman almaq üçün pul tapa bilmirsən. Bunu nə olduğunu anlaya bilirsinizmi? Tam əminliklə deyə bilərəm ki, bu ölkədə ehtiyac üzündən bədənini satan fahişə rüşvətxor məmurdan, yaltaq deputatdan daha şərəflidir. Adamları canından bezdirblər. Son haqqını, yaşamaq hüqüqünu da əllərindən alırlar, başını qaldırana da "bu dövlətə, vətənə xəyanət edir" deyə damğalayır, sonra özlərinin iqtidara sadiq olduqlarını isbat eləmək üçün artistlik edir, camaatın adından danışırlar. Halbuki, camaat belələrini heç adam yerinə də qoymur.

Qiymətlər qalxdıqca sanki insanlar arasında münasibətlər daha gərgin xarakter alır. Bu gedişə bir "dur" deməyin zamanı çoxdan çatıb. Bu xalqın son otuz ildə yaşadığı bütün proseslərin içindən keçmiş adam kimi istəmirəm ki, 90-cı illərdə yaşananlar bir daha təkrarlansın. Tədbir görmək lazımdır, ədalətli, vicdanlı, qanunlara uyğun, Allahı başının üstündə görərək, həm də təcili, çox təcili.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top