ANAR QARAXANÇALLI

Suriya Türkiyə üçün uğur yoxsa fiasko olacaq?

Suriya Türkiyə üçün uğur yoxsa fiasko olacaq?

ANAR QARAXANÇALLI

2 türk əsgərinin terrorçular tərəfindən yandırılması yəqin ki, hamının sinəsini dağladı. Türkiyə bayrağının ayaqlar altında çeynəndiyi görüntülər, tankların tərk edildiyi mənzərələr içimizi yandırdı.

Boş bir xəyal ilə başladı Suriya məsələsi. Əsəd rejimi bütün pisliklərin mənbəyi kimi təqdim edildi. Müxalif qüvvələr olduğundan daha güclü, daha geniş göstərildi. Dünyanın hər tərəfindən ipini qoparan ora qaçdı. Ölkəyə silahlar, terrorçular idxal edildilər. Suriya xalqı pərişan edildi. 5 il əvvəl sizi "diktator"dan qurtaracağıq deyilirdi, ölkənin altı üstünə çevrildi. Nəticədə, milyonlarla köçkünlər səbəbilə Suriyanın daxili məsələsi oldu dünya məsələsi.

Düzdür, Əsəd xalqına zülm edirdi. Əsəd diktator idi. Amma məsələnin həlli dünyanın başqa yerlərindən terrorçuları ora yönləndirmək olmamalı idi. Ən pis hökumət hökumətsizlikdən yaxşıdır. Mövcud hökumət islahatlara məcbur edilməli idi. Amma Qərb ölkələri və Türkiyə Əsədi göndərmək üçün hər vasitəyə əl atdılar. Türkiyə lideri Şamda namaz qılacağını iddia edirdi. Strateqi Davudoğlu Əsədə bir neçə həftəlik ömür biçmişdi. 5 il keçdi. Nəticə nə oldu?

21 dekabrda Suriya məsələsi üçün Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Rusiyada görüşdülər. Moskva deklarasiyasını imzaladılar. Deklarasiyanın məğzi;

- Suriyanın torpaq bütövlüyü dəstəklənir, yəni Əsəd rejimi.

- Suriya probleminin hərbi yolla həllinin qeyri-mümkün olduğu vurğulanır.

- Suriya rejimi ilə müxalif qruplar arasında görüşmələr baş tutacaq. Bu görüşmələrin zamini Rusiya, İran və Türkiyədir.

- Bölgədə marağı olan digər ölkələr də (yəni ABŞ və Qərb) bu deklarasiyaya riayət etməyə dəvət edilir.

Nəticə, Türkiyə üçün böyük bir HEÇ. Hətta 5 il əvvəlki mövqeyindən də geriyə gediş. Strategiyanın çöküşü. Yəni, Şamda namaza hazırlanan AKP hökuməti və lideri sayəsində Türkiyə təhqir edilmiş oldu. Əsəd qoltuğunda qalacaq. Türkiyənin terrorçu dediyi Suriyadakı kürd qruplaşmaları oldular silahlı müxalifət. Türkiyə dünənə kimi Obamanı Əsədi göndərmək üçün aktiv olmamaqla günahlandırırdı, indi isə ABŞ-ı Rusiyanın mövqeyinə dəvət edir. Amma necə deyərlər, ziyanın harasından qayıtsan, xeyirdir.

Yüzlərlə şəhid, milyonlarla evini itirən suriyalı qaçqınlar. Kimə lazımdı? Nəyə lazımdı?

Digər tərəfdən, Türkiyə ordusu Suriya torpaqlarında savaşmaqdadır. Əl-Bab uğrunda savaşda rəsmi açıqlamaya görə, 14 əsgər şəhid olub. Rəsmi olmayan açıqlamaya görə isə, 50-dən çox şəhid var. Türkiyənin Suriya torpağında nə işi var?

Bəli, Türkiyə sərhədlərini qorumalıdır. Amma bu gün Suriya torpaqlarında kimin əli kimin cibindədir bilinmir. Regionda marağı olan qüvvələr çoxdur. Hazırda terror qruplaşmaları üçün ən münbit sahə Suriyadır. Bunu gözə alaraq bölgəyə ordu ilə daxil olmaq çox böyük riskdir.

Dünən ABŞ bölgədə keçirəcəyi əməliyyatları yaz aylarınadək təxirə saldığını elan elədi. Bu xəbərdən sonra fərqli bölgələrdəki terrorçular da Türkiyə ordusu istiqamətində yönləndirildilər. Bir aya yaxındır Koalisiya Qüvvələri də hava zərbələrini dayandırıb. Faktiki olaraq, dünyanın bacarmadığı terrorçularla döyüşdə Türkiyə ordusu tənha qalıb.

Önümüzdəki aylarda bölgədə daha böyük qarşıdurmalar ola bilər. Görünən odur ki, Yaxın Şərqin yeni xəritəsi Suriyadan dəyişməyə başlayacaq.

Allah Türkiyəni, Azərbaycanı qorusun!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top