RASİM MƏMMƏDLİ

Külәk... Soyuq... Nә gәlir ağlınıza?

Külәk... Soyuq... Nә gәlir ağlınıza?

RASİM MƏMMƏDLİ

Uşaqlığım yadıma düşәndә soyuq, külәkli günlәr gәlir gözümün qabağına. Səbəbini bilmirәm, amma mәni daxilәn incitsә dә, şiddətlə əsən külәyin səsi xoşuma gәlir. Donub qalıram, bütün uşaqlığımı ancaq soyuq günlәr kimi xatırlayıram.

Yadımdadı, atam sәhәr hava açılmamış çörәk növbәsinә gedərdi. Bir dәfә mәn dә getmәk istәdim, atam apardı. Tәxminәn 500-600 metrlik yolu külәkli havada getdik. Atam növbәyә dayananda mәn kәnarda onu gözlәyirdim. Külәk az qala gözlәrimin suyunu qurudurdu. Anam ağzımı şәrflә bağlamışdı deyә nәfәs dә ala bilmirdim. Atamı izlәyib, adamları sayırdım ki, atama nә vaxt sıra gәlәcәk. Külәklә mübarizә aparırdım, özümü hansısa vacib işi görürmüş kimi hiss elәyirdim. Atamın әlindә 3 zavod çörәyini görәndә, finiş xәttinә çatmış idmançı kimi olurdum. Hәlә bunun evә qayıtması da var idi...

Bir neçә ildən sonra camaat artıq un alıb çörәk bişirmәyә başlamışdı. Atamın bir kisә un aldığı gün dә hava külәkli idi. Anam çörәk bişirәn gün dә külәyin sәsi evdә eşidilirdi. Әslindә bәlkә dә hәmin günlәr elә dә soyuq deyildi, amma yadımda belә qalıb. Bu bizim uşaqlıq travmamız olub bәlkә dә.

Külәk... Soyuq... Nә gәlir ağlınıza?

Mәnim ağlıma neçә gündür itkin düşәnlәrin ailәlәrinin sümüklәrinә qәdәr üşümәsi gәlir. Neft yığmaq üçün itkin düşәnlәrin övladları da başqa cür travma ilә böyüyәcәklәr. Hәr külәk әsәndә, qar yağanda, sәrt qışda atalarının necә donub öldüklәrini düşünәcәklәr. Çox acı da olsa öz-özümә deyirәm, görәsәn, neftçilәr estekada dәnizә aşanda suda nә qәdәr canlı qala biliblәr?

Dәnizdә işlәyәnlәr necә tәhlükәli işlә mәşğul olduqlarını bizdәn daha yaxşı bilirdilәr. Onlar daha yaxşı bilirdilәr ki, aşan estekadaların istismar müddәti 20 il әvvәl tamam olub. Amma bütün bu tәhlükәlәrә baxmayaraq niyә orada işlәyirdilәr? Yox, bu sual sәhv oldu. Onları orada işlәmәyә mәcbur edәn səbəb nә idi? Hәr kәs tәxminәn cavabını bilir...

Keçən il faciə baş verəndə bunun gələn il təkrarlanmaması üçün hansı işlәr görülmüşdü? Hökumət niyə daha yaxşı iş şəraiti yaratmadı və ya yaratmır? Cavabı sadәdir: bunu hökümәtdәn tәlәb elәyәn olmadı. İnsanlar hәr belә faciәdәn sonra normallaşa bilirlәrsә, faciәdә itkin düşәnlәrin yaxınlarının yeganә istәyi kompensasiyadırsa, hökümәt niyә mәsuliyyәtli davransın ki? Mən, oğlumu, hәyat yoldaşımı, atamı, qardaşımı kiminsə səhlənkarlığına görə itirmişəmsə, nəyin davasını aparmalıyam? Mənə veriləcək məbləğin, yoxsa günahkarın cəzalanmasının? 2015-ci ildə Binəqədidə yanan binada yaxınlarını itirənlər bu müddətdə hansı mübarizə metodlarından istifadə eləyiblər? Bu ölkədə bundan sonra səhlənkarlığa görə niyə bina yanmasın ki? Bu ölkәdә bundan sonra istismar müddәti keçmiş estekadalar, sərt küləkdə niyә aşmasın ki?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top