NAZİM MUSTAFAYEV

Asan və çətin işlər

Asan və çətin işlər

NAZİM MUSTAFAYEV

Dünyanın ən uzun asma körpüsünü, ya da indiyə qədər tikilmiş ən hündür bir göydələni düşünək. Ya da memarlıq incisi “əl-Hamra” sarayını və ya Şəki Xan sarayını təsəvvür edək. Sadalanan bu memarlıq və sənət əsərlərini yıxmaqmı daha asandır, yoxsa bunları ərsəyə gətirib tikməkmi? Əlbəttə həmişə qurmaq, tikmək, inşa etmək çətin, yıxmaq isə asan olub.

Qədim dövrlərdə iyirmi nəfər iyirmi gündə bir binanı tikirdisə, həmin binanı bir insan bir gündə yıxa bilərdi. İndi isə texnologiyanın verdiyi imkanlarla minlərcə insanın tikdiyi bir binanı bir insan bir dəqiqəlik zaman içərisində yıxa və yerlə bir edə bilər.

İnsan fikirləşə bilər ki fəlsəfi mənada “xeyir-şər” məsələsi yaşadığımız həyatda o qədər də qarşılığı olmayan, elə fəlsəfə kitablarının dərinliklərində qalan mövzudur. Bu mövzu bizim üçün çox uzaqlarda qalmış bir nöqtədən ibarətdir. Ancaq yaxınlaşdıqca “xeyir-şər” məsələsinin yaşadığımız bütün həyatı əhatə edəcək qədər böyük bir mövzu olduğuna şahid oluruq. Elə yaxındır ki, hətta hər gün onlarla qarşılaşırıq.

Şər iş və əməllər əksəriyyət etibarilə yox etmək, pozmaq və işlək bir şeyi xarab vəziyyətə salmaqdan ibarətdir. Həmçinin xeyir iş və əməllər isə əksəriyyətlə ortaya müsbət bir şey qoyma, təmir etmə və bir şeyi ərsəyə gətirmədir.

Əslində şər iş və əməllərin meydana çıxması üçün bir zəhmət və cəhdə ehtiyac var. Oğru və ya qatil törədəcəkləri şər əməl üçün bəlkə də günlərcə, aylarca çalışıb plan qururlar və s. Bəzən müsbət bir əməl və işi ortaya qoya bilməmək də şərin meydana çıxması üçün kifayət edir. Götürək bir cəmiyyətdə savadsızlığın, cəhalət və xürafatın artmasını. Sadalanan bu şeylərin ortaya çıxması üçün elə bir cəhdə ehtiyac yoxdur. Sadəcə, elm və təhsil ocaqları öz funksiyonlarını yerinə yetirməsin, bu kifayətdir ki, bir-iki ilə, hətta daha da tez bir zamanda cəmiyyətdə savadsızlıq və cəhalət artsın. Şər və mənfi işlərin artması, çoxalması asan və rahat olmaqla yanaşı, bunun əksinə, elm və təhsil ocaqlarının ərsəyə gəlməsi, savadlı və elmli nəslin yetişməsi bir o qədər çətin və zəhmət tələb edən işdir. Buna baxmayaraq, biz həmişə xeyir və yaxşılığın yanında olmalı, şərə səbəb və vəsilə olmaqdan Allaha sığınmalıyıq.

Sahəyə buğda əkərək oradan məhsul götürməkmi asan olar, yoxsa həmin sahədə kol-kosun, alaq otlarının bitməsimi? Kol-kos və alaq otunun bitməsi üçün elə də zəhmət tələb olunmur. Sadəcə, sahəni eləcə buraxmaq yetərlidir. Buğda əldə etmək üçün isə torpağı şumlamaq, toxum əkmək, vaxtlı-vaxtında sulamaq, muhafizə etmək, zamanı gələndə biçmək və s. bir sıra proseduraya ehtiyac var.

Bir insanın yaşaması üçün bütün əza və orqanlarının yerli-yerində işləməsi, təbiətdəki qanunların, həmçinin dünya və kainat çarxının da olduğu hal üzrə dövr etməsi lazımdır. Yəni bir insanın yaşaması üçün minlərlə səbəbə ehtiyac var. Bəs, görəsən, insan həyatının sonlanması üçün nəyə ehtiyac var? Cavab sadədir: yaşaması üçün lazım olan minlərlə səbəbdən sadəcə birinin olmaması insanın ölməsi üçün kifayətdir. Məsələn, əlin biləyində arterial damarın kəsilməsi ilə insan ölə bilər. Yaşam üçün geriyə qalan digər səbəblərin hamısı öz yerində olsa da, ölüm yenə qaçılmaz olacaq. Bu səbəbdən “ət-təxribu əshəl” (təxrib etmək daha asandır) sözü zərbi-məsəl olmuşdur.

İncə bir məqam var ki, şər heç bir zaman güclü, qüvvətli və hakim olmayıb. Şər mahiyyətcə nəyisə icad etmə, ortaya çıxarma, təmir və bərpa etmənin əksinə, yıxma, təxrib və yox etmədən ibarət olduğuna görə sadəcə güclü kimi görünə bilər.

Bir sıra Quran ayələrində “şeytanların vəsvəsələrindən” (Muminun, 23/97), Fələq və Nas surələrində də bütün məxluqatın şərindən Cənabı Allaha sığınmaq tövsiyə olunur. Gəlin biz də görünən, görünməyən, bilinən, bilinməyən bütün şər əməl və müsibətlərdən həmişə Cənabı Allaha pənah gətirək, Ona sığınaq. Yox etmək, dağıtmaq, və s. kimi daha asan olan şər əməlləri deyil, çətin kimi görünsə də ərsəyə gətirmək, ortaya qoymaq, təmir və bərpa etmək kimi xeyir əməllərin arxasınca gedək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top