"Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək" iddiaları yalandır

"Moody's" SOCAR-ın reytinqini aşağı salıb

"Yeni binalarda şirkətlər istədikləri hesablama üsulları ilə ailələrə əziyyət verirlər"

Cümə axşamı, 24 avgust 2017
TR EN RU

Menu

Cümə axşamı, 24 avgust 2017
EN TR RU

Yazarlar

Qvami Məhəbbətoğlu

Rəngsaz olub getmişik

27.06.2017 15:55

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən 3 qat yuxarıda yaşayan Səbzəli kişi qonşu məhəllənin sakini Qüdrətlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

- Zər, mən ölüm, bir dübir.

- Ya zər, mənə yeklər ver, Qüdrətin adının üstündən bir xətt çəkim.

Zər bu dəfə etimadı doğrultdu. Bununla da oyunun taleyi həll olundu. Səbzəli növbəti rəqibini səslədi.

Həsənbala yerini tutmaq istəyirdi ki, Səbzəli Nazim müəllimi görüb dilləndi:

- Müəllim, can bir qəfəsdə olduğunuz Sədyar gözümə dəymir e... olmaya xəstədir?

Həsənbala ovcunda zərləri oynada-oynada dedi:

- Xəstə deyil... Ötən il vəfat etmiş qohumunun Qara bayramına gedib... İndi harada olsa, gələr...

Səbzəli ona Nazim müəllimə üzünü tutub ona belə bir sualla müraciət etdi:

- Ay müəllim, Məşədi İbad demişkən, mən "Tarixi-Nadir"i yarıya qədər oxumuşam, İslam dinində və tarixində Qara bayram deyilən bir şeyə rast gəlməmişəm axı...Sən məndən də çox oxumuş adamsan, bir mənə de görüm, məgər bayramın da qarası, ağı olur?

Nazim müəllim:

- Elə mən də sənin kimi fikirlərşirəm.

- Şeş qoşa… Ay zər, belə ver, Səbzəlinin əl-ayağını yığışdırım...

Bayaqdan bəri oyunu maraqla izləyən İbrahim söhbətə qoşuldu:

- Biz hələ tarixən hər şeyi rəngləyə-rəngləyə gəlirik də... Hətta uğursuzluqlarımızı da elə rəngləyirik ki... Bir sözlə, rəngsaz olub getmişik.

Qurban dayı söz atdı:

- Ay kişilər, nərdinizi atın da...

Zərləri atmağa hazırlaşan Səbzəli onu diqqətlə süzüb başını bulaya-bulaya dilləndi:

- Ay kişi, hərdən belə söhbətlər də lazımdır. Nə vaxta qədə boş-boş söhbətlərə görə baş sındıracağıq?

Qurban dayı yenə söz atdı:

- Bərəkallah, Xasay müəllim...

Onun bu sözləri Zəbzəlinin sanki dərdini təzələdi:

- Xasay dedin, yeni qonşumuz Gəray yadıma düşdü... Neçə gündür o da gözümə dəymir e...

- Görünməz də... Nə tez yadından çıxdı? Cırıq cins şalvar geyindiyinə görə onu bir həftə əvvəl elə buradaca quru yuyub yaş sərmədinmi? Qonşularım demişkən, onu rəngləmədinmi? Görünür, buna görə bizdən inciyib...

Zəbzəli fikrindən dönmədi:

- Buna görə inciyibsə, qoy incisin...Vallah, mən cırıq, el dilincə desək, it ağzından çıxan şalvar geyinənləri anlaya bilmirəm. Bunu hələ Avropa üslubu da adlandırırlar. Bu cür geyim mənə görə qəbulolunmazdır. Avropadan bundan daha yaxşı şeylər götürmək olar da... Belələrinə elə gəlir ki, cırıq şalvar geyinməklə müasirləşirlər. Amma düşünmürlər ki, müasirləşmə beyində, intellektdə baş verməlidir.

Həsənbala dilləndi:

- A kişi, oyna da...

Zəbzəli zərləri atdı və təəssüflə dodaqaltı mızıldandı:

- Yenə yığanlar... Deyəsən, bu məni lap şikəst qoydu axı...

Bu yerdə Kəramət Zəbzəlinin dediyi "şikəst" sözünü boşa vermədi və yeni bir mövzuya rəvac verdi:

- Elə tarixən belə boş söhbətlərə o qədər baş qoşduq ki, bir də ayılıb gördük, Qarabağ işğal altındadır. Bizimkilər isə iyirmi ildən çoxdur ki, "Qarabağ şikəstəsi"ni bəh-bəhlə millətə təqdim edirlər. Bir də haqqı gözləməklə, "haqq bizim tərəfdədir, o gələcək" deməklə haqq gəlmir ki. Haqq istəyən onun uğrunda cihada çıxır.

Nazim müəllim:

- Bəziləri üçün "Qarabağ şikəstəsi" artıq gəlir mənbəyinə çevrilib e... Bu mahnıdan qazandıqlarını da qatlayıb qoyurlar ciblərinə... Hələ mən indiyədək eşitməmişəm ki, hansısa müğənni ondan əldə etdiyini Qarabağ probleminə yönəltsin... Amma ermənilər...əllərinə düşəni işğal altındakı torpaqlarımıza sərf edirlər.

Bu sözlərdən sonra məhəlləmizdə müğənni kimi tanınan Səbzəli hirslə nərdtaxtanı çırpıb yerindən qalxdı... Nazim müəllim qeyri-ixtiyarı dilləndi:

- Deyəsən, mənim rəngsazlığım xoşuna gəlmədi axı.

Zəbzəli dinmədi.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 502

© 2017 - NSPSOLUTIONS