Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

Yazarlar

Tərs Məmməd

Paradoks

12.12.2016 12:29

Tarif Şurası bir neçə qərar qəbul edib. İndi hamı bundan danışır. Qiymətlər aşağı salınmayıb. Öz səviyyəsində qalan da var, artan da. Aşağı düşən heç yoxdur.

Televiziya kanallarını çevirirsən, orda da bu söhbət gedir.

Hamı sevinir. Toy-bayramdır. Elə bil hamı çoxdan bu qərarları gözləyirmiş.

AzTV-ni açırsan, küçədə bir qadını danışdırırlar. Qadın Tarif Şurasının qərarlarından məmnunluğunu gizlətmir. Sevinir.

İTV-ni açırsan, hansısa iqtisadçı-ekspert qiymət artımının zəruri olduğunu bildirir. Sevinir.

"Lider"in mikrofonu qarşısındakı adam qəbul edilən qərarın israfçılığı azaldacağından məmnunluqla danışır . Sevinir.

"Speys" kanalında görkəmindən ziyalıya oxşayan qalstuklu kişi qiymət artımının zərərli olmadığını, əksinə, ölkənin inkişafına töhfə vercəyini bildirir. Sevinir.

"Xəzər" TV-də bir müəllim danışır. Müəllim qaza 1500 kubmetr, işığa 250 kilovat kvota qoyulmasını humanizmin zirvəsi kimi dəyərləndirir. Sevinir.

ATV öz müxbirini lap ucqar bir kəndlərin birinə ezam edib ki, oradakı real vəziyyəti tamaşaçılarına çatdırsın. Müxbir mikrofonunu cındırından cin ürkən bir kəndlinin ixtiyarına verib. O da ürəyi istəyəni danışır. Qiymət artımının ürəyinə yağ kimi yayıldığını bildirir. Sevinir.

Metroya minirsən... Əksəriyyətin üzündən hüzn tökülür. Burda da Tarif Şurasının qərarlarından danışılır.

- Çörək almağa pul tapmırıq. Bu tərəfdən də işığın, qazın qiymətini artırırlar.

Əsəbidir. Dərdlidir.

- Toxun acdan xəbəri yoxdur.

Əsəbidir. Dərdlidir.

- Pensiyanı 50 qəpik artıtırırlar, qazı, işığı iki dəfə.

Əsəbidir. Dərdlidir.

Avtobusa minirsən...

- Hələ gediş haqqını qaldırmayıblar?

Əsəbidir. Dərdlidir.

- Benzinin də qiymətini qaldırsaydılar, büdcəni lap yaxşı doldurardılar.

Əsəbidir. Dərdlidir.

Bazara gedirsən...

- Qiymətlər ceyran belində, qaz, işıq da bu yandan çıxdı.

Əsəbidir. Dərdlidir.

- İxtiyarım olsa, o qiyməti qaldıranları gətirərəm bu bazara, burdan da aparab salaram evimizə, qapını da kilidləyərəm, deyərəm bircə gün belə yaşa, gör camaat nə çəkir.

Əsəbidir. Dərdlidir.

Mən televizora da baxıram, metroya da, avtobusa da minirəm, bazara da gedirəm. Çoxlu paradokslar görürəm.

Yəqin telejurnalistlər təkcə televizora baxırlar, metroya, avtobusa minmirlər, bazara getmirlər.

Lap deyək ki, telejurnalistlər şəhərdə öz maşınları ilə gəzirlər, bəs bunların bazarlığını kim eləyir?

Oxundu: 121

  • Paradoks

    12.12.2016 12:29
    Tarif şurası bir neçə  qərarlar qəbul edib. İndi hamı bundan danışır. Qiymətlər aşağı salınmayıb.

© 2017 - NSPSOLUTIONS